USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
20 Yanvar şəhidlərinin ruhu Azərbaycan Tibb Universitetində anıldı

20 Yanvar hadisələrinin 27-ci ildönümü ərəfəsində Azərbaycan Tibb Universitetində faciə qurbanlarının ruhu anılıb. Bu gün keçirilən mərasimin əvvəlində universitet rəhbərliyi, professor-müəllim heyəti və tələbələr ATU-da şəhid tələbələrin xatirəsinə ucaldılan abidəni ziyarət ediblər, önünə əklil qoyublar.

ASAN Radio xəbər verir ki, tədbirdə açılış nitqi ilə çıxış edən ATU-nun rektoru, professor Gəray Gəraybəyli hər bir xalqın tarixində bütövlükdə həmin xalqın inkişafına, bir millət kimi formalaşmasına, müstəqilliyini qazanmasına və qorumasına təsir edən xüsusi günlərin olduğunu deyib: “Azərbaycan xalqının həyatında belə hadisələrdən biri 1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə baş verib. Bu hadisənin mahiyyəti illər keçdikcə daha da dərinləşir, böyük əhəmiyyət kəsb etməyə başlayır. Əliyalın insanlara qarşı ağır texnika, tanklarla vəhşicəsinə hücum edildiyi, insanların gülləbaran olunduğu bu gecə xalqımızın böyük faciələrindən biridir. Fövqəladə vəziyyətə, komendant saatına baxmayaraq, indiki müasir rabitə üsullarının olmaması halında belə, 21 yanvar günü səhər tezdən milyonlarla insan öz ürəklərinin çağırışı ilə “Azadlıq”meydanına toplanmışdı. Həmin gün kimsə tərəfindən təşkil olunmamış möhtəşəm bir dəfn mərasimi keçirildi. Təsadüfi deyil ki, bu gün milli dirçəliş tariximizin vacib mərhələlərindən biri kimi hesab olunur”.

G.Gəraybəyli bu hüznlü günün Azərbaycan üçün bəşəri nəticələrinin olduğunu da bildirdi. Rektorun sözlərinə görə, 20 Yanvar hadisələri tariximizdə bir dönüş nöqtəsi olaraq milli qürurun formalaşmasında, müstəqilliyin qorunub saxlanılmasında, bizim dünya xalqları arasında özünə məxsus yer tutmağımızda böyük rol oynayıb: “Biz hazırda da görürük ki, bu tarixi faciə həmin qırğından sonra dünyaya gələn gənclərimizə də böyük təsir göstərib, onlarda milli qürur hisslərini daha da gücləndirib. Biz hər birimiz dövlətimiz, müstəqilliyimiz uğrunda canlarından keçən oğullarımız, bacı və qardaşlarımızın ruhu qarşısında baş əyirik”.

Daha sonra ATU-nun III cərrahi xəstəliklər kafedrasının müdiri, professor Məmməd Nəsirov çıxışında həmin gecə ilə bağlı xatirələrini bölüşdü. “Həmin gecə açılan ölümsaçan güllələrin bir neçəsi indi də mənim stolumun üstündədir” deyən professor qeyd etdi ki, bu faciədən 27 il keçməsinə baxmayaraq, 20 yanvar hadisələri hər kəsin xatirinə əbədi həkk olunub.

I cərrahi xəstəliklər kafedrasının dosenti Səxavət Rəfiyev 20 Yanvar hadisələrinin canlı iştirakçısı kimi o gecə yaşananları bir daha xatırlatdı. Qeyd etdi ki, yollar bağlı olduğundan, həkimlər böyük çətinliklə özlərini xəstəxanaya çatdırıblar: “Xəstəxananın həyətində izdiham vardı. Həkimlər az, əməliyyat otaqları isə yaralılarla dolu idi. İnsanlara tibbi yardımın göstərilməsində Tibb Universitetinin tələbələri böyük köməkliklər etdilər. Bu ərazidə yaşayan və yataqxanada qalan tələbələrimiz xəstələrin daşınmasında iştirak etdilər, əməliyyata kömək etdilər, həmin gün səhərə qədər və ondan sonraki günlərdə də könüllü qanvermə aksiyası keçirdilər”.

II müalicə-profilaktika fakültəsinin V kurs tələbəsi Nailə Şirəliyeva gənclər adından çıxış edərək 20 Yanvar faciəsinin unudulmayacağını bildirdi. Və gənc həkimlərin öz peşələrinə daha çox məsuliyyətlə yanaşmalı olduqlarını dedi.

Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı dəhşətli, kütləvi qırğın hadisəsi törədilib. Sovet qoşunlarının təcavüzü nəticəsində Bakıda 134 mülki vətəndaş qətlə yetirilib, 600-dən çox insan yaralanıb, 800-dən çox nəfər qanunsuz həbs edildi. Amansızca qətlə yetirilənlər arasında beş millətin nümayəndələri, o cümlədən yetkinlik yaşına çatmayan uşaqlar, qadınlar, qocalar, şikəstlər də vardı.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!