USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Azərbaycan Prezidenti Avropa Azərbaycanlıları Konqresinin V qurultayının iştirakçılarına müraciət ünvanladı

Azərbaycan Prezidenti İlham Əliyev  Avropa Azərbaycanlıları Konqresinin V qurultayının iştirakçılarına müraciət ünvanlayıb. Müraciətdə deyilir:

"Hörmətli qurultay nümayəndələri!

Əziz dostlar!

Sizi Avropa Azərbaycanlıları Konqresinin növbəti ali toplantısının işə başlaması münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Təqdirəlayiq haldır ki, 2004-cü ildə təsis olunmuş Konqres Avropa ölkələrində məskunlaşan soydaşlarımızın təşkilatlanması və diaspor qurumlarının fəaliyyətinin əlaqələndirilməsi istiqamətində ardıcıl iş aparmış, qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsində uğurlar qazanmışdır.

Müstəqillik illərində Azərbaycanın Avropa dövlətləri ilə siyasi, iqtisadi və humanitar sahələrdə sıx əməkdaşlıq münasibətləri formalaşmışdır. Ölkəmizin əlverişli coğrafi mövqeyi, təbii ehtiyatları, xalqımızın zəngin mədəniyyəti qitə dövlətləri ilə hərtərəfli əlaqələrin inkişafında əhəmiyyətli yer tutur. “XXI əsrin müqaviləsi” adlandırılan “Cənub qaz dəhlizi” və Bakı-Tbilisi-Qars dəmir yolu kimi nəhəng transmilli layihələrin təşəbbüskarı və əsas icraçılarından biri olan Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində, Asiya ilə Avropanı birləşdirən Şərq-Qərb nəqliyyat infrastrukturunun yaradılmasında müstəsna rol oynayır. Ölkəmiz həm də mədəniyyətlərarası dialoqun, multikulturalizm və tolerantlığın təşviqinə, qlobal humanitar problemlərin həllinə sanballı töhfələr verir, müasir Avropa mədəniyyətinə və dəyərlər sisteminə yeni çalarlar qatır.

Hazırda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında ədalətli həllinə nail olmaq qarşımızda duran ən mühüm ümummilli vəzifədir. Bu günlərdə biz erməni işğalçılarının törətdiyi Xocalı soyqırımının iyirmi beşinci ildönümü ilə bağlı faciə qurbanlarının xatirəsini bir daha dərin hörmətlə yad edirik. Vaxtilə bu qanlı aksiyanı həyata keçirənlər Azərbaycan xalqını sarsıtmaq və mübarizədən çəkindirmək məqsədi güdürdülər. Lakin əminliklə demək olar ki, düşmən öz istəyinə nail ola bilmədi. Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra xalqımız öz qəddini düzəltdi, daxili potensialına güvənərək güclü və müasir dövlət qurdu. Ötən ilin aprelində Ermənistanın cəbhə xəttindəki təxribatlarına ordumuzun layiqli cavab verməsi və torpaqlarımızın bir hissəsinin azad edilməsi əyani şəkildə göstərdi ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməyə tam qadirdir.

Lakin müasir dövrdə qələbələr tək hərb yolu ilə deyil, həm də siyasi-intellektual vasitələrlə təmin edilir. Bu sahədə malik olduğumuz vacib resurslardan biri də xarici ölkələrdə yaşayan həmvətənlərimiz və onların yaratdıqları təşkilatlardır. Ona görə də Azərbaycan diasporu, o cümlədən Avropadakı icmalar öz fəaliyyətini daha da genişləndirməli, işlərin koordinasiyasını və dost ölkələrin analoji təşkilatları ilə əlaqələrini gücləndirməlidirlər. Diaspor nümayəndələri ölkəmizlə bağlı məlumatların, Dağlıq Qarabağ münaqişəsinə dair həqiqətlərin Avropa ictimaiyyətinə daha çevik və dolğun çatdırılması, mədəniyyətimizin təbliği və başqa istiqamətlərdə yeni metod və vasitələrdən səmərəli istifadə etməlidirlər. Əminəm ki, Avropa Azərbaycanlıları Konqresinin bu ali toplantısı yüksək işgüzarlıq şəraitində keçəcək, irəli sürülən təkliflər və qəbul edilən qərarlar qurumun işini keyfiyyətcə daha yüksək mərhələyə qaldırmağa xidmət edəcəkdir.

Qurultay iştirakçılarına bu yolda nailiyyətlər, Konqresin yeni seçiləcək rəhbər heyətinə ardıcıl və məhsuldar fəaliyyət arzulayıram."

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!