USD - 1.7 EUR - 1.9592 RUB - 2.1249 TRY - 0.0431 DAHA ÇOX
YENİLİKLƏR
"Azəriqaz"İB-nin şöbə rəisi Eldəniz Vəliyev "QəbulASAN"da sualları cavablandırdı “ASAN xidmət” Ulu Öndərin xatirəsinə müsabiqə reallaşdırıb Ötən həftə daha #ASAN oldu    28 aprel - 4 may   #AYNA-nın şöbə müdiri Tural Orucov "QəbuldASAN"da Ötən həftə daha #ASAN oldu - 17-23 fevral 2025
DİM jurnalistika ixtisasına qəbul olmaq üçün qabiliyyət imtahanı keçirəcək  

Dövlət İmtahan Mərkəzi sentyabrın 11-də 2020/2021-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirəcək.

DİM-dən verilən məlumata görə, bu imtahanda jurnalistika ixtisasına qəbul olmaq üçün internet vasitəsilə anket dolduraraq qeydiyyatdan keçmiş və III ixtisas qrupu üzrə test imtahanı verərək müsabiqə şərtini ödəyən abituriyentlər iştirak edə biləcəklər.

İmtahan Bakı şəhərində və DİM-in regional bölmələrinin yerləşdiyi Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz şəhərlərində təşkil olunacaq.

 

İmtahanda iştirak edəcək abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni DİM-in internet saytından çap edirlər. Buraxılış vərəqəsində imtahanın keçiriləcəyi şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı qeyd olunub. Buraxılış vərəqəsi ilə yanaşı, abituriyentlərə “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

İmtahan saat 11:00-da başlayacaq və 2 saat 30 dəqiqə davam edəcək.

İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. 

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır. 

Qabiliyyət imtahanında mövzular imtahanın  başlanmasından bir neçə dəqiqə əvvəl Mətbuat Şurasının və KİV nümayəndələrinin iştirakı ilə seçiləcək və videobağlantı vasitəsilə imtahan mərkəzlərinə çatdırılacaq. Abituriyentlər təqdim olunmuş mövzulardan biri üzrə inşa (esse) yazacaqlar. Yazı işi abituriyentin imtahan verdiyi bölmədən asılı olaraq Azərbaycan və ya rus dilində yerinə yetirilməlidir.

İnşa (esse) abituriyentin seçmiş mövzu üzrə öz nöqteyi-nəzərini əsaslandırılmış şəkildə ifadə etdiyi müstəqil, yaradıcı yazı işidir. Abituriyentlərə ictimai-siyasi, iqtisadi, mədəni həyat sahələrinə aid, həmçinin respublikamız, görkəmli şəxsiyyətlər, təhsil, ixtisas seçimi, ətraf mühit, mənəviyyat və eləcə də bütün bəşəriyyəti düşündürən qlobal problemlər haqqında müstəqil mühakimə yürütmək və əsaslandırmaq bacarığını nümayiş etdirməyə imkan verən sərbəst mövzular təklif olunur.

İnşanı (esseni) yazarkən abituriyent:

səliqəli, oxunaqlı və aydın xətlə yazmalı;

öz fikirlərini aydın və savadlı şəkildə ifadə etməli;

mövzunun mahiyyətini açmalı və dolğun əhatə etməli;

yazının tərkib hissələri (giriş, əsas hissə və nəticə) arasında məntiqi rabitə yaratmalı, abzaslarla fərqləndirməli və fikirlərini məntiqi ardıcıllıqla ifadə etməli;

ictimai-siyasi problemlərə yaxşı bələd olduğunu nümayiş etdirməli;

ictimai-siyasi problemləri təhliletmə, ümumiləşdirmə və məntiqi nəticəçıxarma qabiliyyətini nümayiş etdirməli;

fikir və düşüncələrini anlaşıqlı, məntiqli, rabitəli və aydın surətdə, ədəbi dilin normalarına, o cümlədən, qrammatika, orfoqrafiya, durğu işarələrinin işlənməsi qaydalarına uyğun olaraq ifadə etməli, öz fikir və mühakimələrini əsaslandırmaq üçün bir neçə (3 və daha çox) müvafiq sitat, iqtibas, nümunə və faktlardan (tarixi hadisə, bədii parçalar, həyat hadisələri və s.) istifadə etməlidir.

Yazı işinin qiymətləndirilməsi zamanı inşanın məzmununu, yazı savadı və aşağıdakı meyarlar nəzərə alınır:

İnşa yazı (esse) 2–4 səhifə (ən azı 2 səhifə və ya 420 söz) həcmində olmalıdır.

verilmiş mövzunun başa düşülməsi, mövzu üzrə material, əsas fakt və hadisələr haqqında məlumata malik olunması;

abituriyentin mövzuya orijinal yanaşması, öz nöqteyi-nəzərini əsaslandırılmış şəkildə ifadə etmək bacarığı, mövzunun əhatə olunma səviyyəsi, fikirlərin aydın və anlaşıqlı ifadə olunması;

çıxarılan nəticələrin məntiqli və əsaslandırılmış olması;

yazı üslubunun orijinallığı, dilin zənginliyi, obrazlılığı və səlisliyi, savadlılıq səviyyəsi;

yazı işinin ədəbi dilin fonetik (orfoqrafiya və durğu işarələri), qrammatik və leksik normalarına tam riayət edilməklə yazılması.

Yazı işi yuxarıdakı meyarlar nəzərə alınmaqla “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir.

“Qeyri-məqbul” qiyməti mövzunun zəif əhatə olunduğu və ya heç əhatə olunmadığı, abituriyentin mövzunu səthi bildiyini və ya heç bilmədiyini aşkara çıxaran, başqa mövzuda yazılmış, mətnin hissələri arasında məntiqi əlaqənin pozulduğu, abituriyentin özü haqqında hər hansı məlumat yazdığı və ya özünü tanıtmaq məqsədi ilə hər hansı bir işarə vurduğu, 8 və daha çox fonetik, qramatik və leksik səhvi olan yazılara verilir.

Yazı işində abituriyentlərin özləri haqqında hər hansı məlumat (ad, soyad, ata adı, baba adı, məktəb adı, müəllim adı, yaşayış yeri və s.) yazması və ya özlərini tanıtmaqla bağlı hər hansısa işarə vurması qadağandır. Belə hala yol vermiş abituriyentlərin yazı işləri “sıfır” balla qiymətləndirilir. Seçdiyi movzudan fərqli movzuda, həmçinin 1 səhifədən (190 sözdən) az həcmdə yazılmış inşalar da “sıfır” balla qiymətləndirilir.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!