20/07/2018 22:31

Valyuta USD EUR RUB TRY
Kurs 1.7000 1.9828 0.0267 0.3529


Mədəniyyət

“SOYQIRIMI: 100 İL” sənədli filmi ictimaiyyətə təqdim olundu


07.07.2018   12:57


ASAN Radio xəbər verir ki, 6 iyul 2018-ci il tarixdə “Azərkitab” kitab təbliğat mərkəzinin konfrans salonunda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Mədəniyyətin və Milli Ənənələrin Təbliği” İctimai Birliyinin həyata keçirdiyi “1918-ci ilin mart-aprel aylarında daşnakların azərbaycanlılara qarşı soyqırımı cinayəti törətməsinin 31 mart 2018-ci ildə 100-cü ildönümünə həsr edilmiş “SOYQIRIMI: 100 İL” sənədli filminin çəkilməsi” layihəsi çərçivəsində “SOYQIRIMI: 100 İL” sənədli filminin təqdimat mərasimi keçirilib.

Təqdimat mərasimini açıq elan edən layihənin rəhbəri, “Mədəniyyətin və Milli Ənənələrin Təbliği” İctimai Birliyinin sədri Büllur Məmmədova “SOYQIRIMI: 100 İL” sənədli filminin hazırlanmasına maliyyə dəstəyi göstərmiş Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına, həmçinin filmin ssenarisinin hazırlanmasında yaradıcı heyəti faktoloji arxiv materialları ilə təmin edən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin rəhbərliyinə təşəkkürünü bildirib. O deyib ki, “SOYQIRIMI: 100 İL” sənədli filmi yalan üzərində qurulmuş erməni təbliğatına növbəti ağır zərbədir. Təşkilat sədrinin sözlərinə görə, növbəti mərhələdə sənədli filmin xarici dillərə dublyaj olunaraq xarici ölkələrə yayılması planlaşdırılır.

“SOYQIRIMI: 100 İL” sənədli filminə baxışdan sonra ssenari müəllifi və rejissoru Etibar Məmmədov vurğulayıb ki, təqdim olunan filmdə yalnız arxiv sənədlərdən, yəni Fövqəladə İstintaq Komissiyasına ifadələr vermiş 1918-ci ilin mart-aprel hadisələrinin canlı şahidlərinin sözlərindən istifadə olunub. Onun sözlərinə görə, bu məqam filmin hansısa subyektiv fikirlərə əsaslanması haqqında müxtəlif mülahizələr irəli sürülməsinin qarşısını qabaqcadan alır. “Sənədli filmdə səslənən faktları heç bir ölkə, beynəlxalq təşkilat və ya sosial qrup inkar edə bilməz. Bütün alimlərin, o cümlədən erməni tarixçilərinin, bu faktları qəbul etməkdən başqa çıxış yolu yoxdur, çünki bunları tarixi həqiqəti əks etdirən arxivlər söyləyir”.

Tədbir film ətrafında geniş müzakirələrin aparılması ilə davam edib. Təqdimat mərasimində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının nümayəndələri, Qeyri-Hökumət Təşkilatlarının rəhbərləri, ictimai və elm xadimləri, ölkənin aparıcı KİV-lərinin nümayəndələri iştirak ediblər.




Xəbər lenti

20 Iyul
19 Iyul













ASAN Radio telefonunuzda
Facebook