USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
A.Qut: Liberman Azərbaycanın İsrail üçün strateji əhəmiyyətini və geosiyasi zəruriliyini etiraf edib

Sentyabrın 13-də müdafiə naziri Aviqdor Liberman başda olmaqla İsrail nümayəndə heyəti Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Aviqdor Liberman Azərbaycanın paytaxtı Bakıda Cənubi Qafqazın bu ən böyük ölkəsinin hərbi və siyasi rəhbərliyi ilə görüşlər keçirib. Azərbaycan Prezidenti İlham Əliyev İsrail nümayəndə heyəti ilə görüşdə iki ölkə arasında iqtisadi, hərbi, mədəni və turizm sahələrində qarşılıqlı münasibətlərin genişlənməsindən danışıb. Tərəflər ümidvar olduqlarını bildiriblər ki, bu səfər ikitərəfli strateji əməkdaşlığın genişlənməsinə şərait yaradacaq.

ASAN Radio xəbər verir ki, İsraildəki “Cəmiyyət üçün beynəlxalq layihələr” adlı qeyri-hökumət təşkilatının başçısı, beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qut İsrailin nüfuzlu ingilisdilli nəşri olan “The Jerusalem Post” qəzetində dərc edilmiş “Libermanın səfəri İsrail ilə Azərbaycan arasında münasibətlərin möhkəmlənməsi faktını nümayiş etdirir” sərlövhəli məqaləsində bu məsələdən bəhs edir.

Məqalə müəllifi qeyd edir ki, İsrailin müdafiə naziri Aviqdor Liberman səfər müddətində Azərbaycanın Baş naziri Novruz Məmmədov, müdafiə naziri general-polkovnik Zakir Həsənov, xarici işlər naziri Elmar Məmmədyarov, daxili işlər naziri Ramil Usubov və digər rəsmi şəxslərlə də görüşüb, regional təhlükəsizlik aspektlərini və əməkdaşlıq perspektivlərini, siyasi, hərbi və hərbi-texniki sahələrdə tərəfdaşlıq məsələlərini müzakirə edib.

Arye Qut vurğulayır: “Qeyd etmək lazımdır ki, bu ölkələr ən çətin məqamlarda həmişə bir-birinin yanında olur, bir-birini qarşılıqlı dəstəkləyirlər. Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı, İsrail tərəfdən məhz Aviqdor Liberman Azərbaycan-İsrail tərəfdaşlığının memarlarından biridir. İsrail tərəfdən məhz Aviqdor Libermanın xarici siyasət konsepsiyası Azərbaycanı postsovet məkanındakı bir ölkədən İsrail Dövlətinin strateji tərəfdaşına çevirib. Məhz Liberman Azərbaycanın regionda strateji əhəmiyyətini və geosiyasi vacibliyini dərk edib”.

İsrailli ekspert vurğulayır ki, Azərbaycan Cənubi Qafqazda mürəkkəb geosiyasi əhatədə Rusiya, Türkiyə və İran ilə qonşuluqda yerləşir.

Arye Qut İsraildə çıxan “The Jerusalem Post” qəzetində dərc edilmiş məqaləsində yazır: “Regionun mürəkkəb geosiyasi labirintinə baxmayaraq, Azərbaycan özünün tarazlaşdırılmış və çoxvektorlu xarici siyasətini uğurla həyata keçirir, ölkədə sabitliyi qoruyub saxlaya bilir. Aviqdor Liberman öz ölkəsinin və xalqının mənafeyini qorumağı bacaran qətiyyətli və çox praqmatik siyasətçi kimi məşhurdur. Məlumdur ki, israilli siyasətçilərin çoxundan fərqli olaraq, Aviqdor Liberman sözün ağasıdır. Əgər o, nəyisə deyib və ya vəd edibsə buna hökmən əməl edəcək, o, dostlarına sədaqəti saxlamağı bacarır. O, İsrailin həqiqi dostlarını axtarır və onun bu regiona marağı, geosiyasi və geoiqtisadi lider kimi Azərbaycana bel bağlaması tamamilə əsaslıdır. Bu, Aviqdor Libermanın müdafiə naziri qismində Azərbaycana ilk rəsmi səfəridir və onun Azərbaycan rəhbərliyi ilə, o cümlədən Prezident İlham Əliyev və müdafiə naziri general-polkovnik Zakir Həsənovla səmimi görüşü İsrail ilə Azərbaycan arasında münasibətlərin inkişafında və möhkəmlənməsində mühüm tarixi addım və yeni mərhələdir”.

Qut vurğulayır ki, bu gün Azərbaycan-İsrail münasibətləri pozitiv xarakter daşıyır və əsl strateji tərəfdaşlıqdır. Ekspert yazır: “Azərbaycan-İsrail ticari əməkdaşlığı inkişaf edir və qarşılıqlı dövriyyənin həcmi 4,5 milyard dollara yaxındır. Əvvəllər əsas diqqət neft-qaz sahəsinə yönəldilirdisə, hazırda bu əlaqələr iqtisadiyyatın digər sahələrini, o cümlədən kənd təsərrüfatı, yüksək texnologiyalar, səhiyyə və hərbi-texniki sahədə əməkdaşlığı da əhatə edir. İsrail Azərbaycan neftinin əsas alıcılarından biridir”.

Arye Qut öz məqaləsində 2016-cı il Aprel hadisələrini yada salaraq xatırladır ki, məhz Azərbaycan ilə İsrail arasında hərbi əməkdaşlıq sayəsində regionda qüvvələr balansı əsaslı şəkildə dəyişdi və Azərbaycan silahlı qüvvələri bir neçə gün ərzində işğalçı erməni ordusunun ön xətdə gedən hissələrini praktiki olaraq, məhv etdilər.

Arye Qut vurğulayır: “Ermənistanın tənqidi çıxışlarına gəldikdə mən deyərdim ki, Azərbaycan və İsrail öz dostlarını və tərəfdaşlarını özləri seçir, hərbi-texniki sahədə strateji əməkdaşlığın səviyyəsini özləri müəyyən edir. Heç kəsin bu möhkəm strateji tərəfdaşlığa müdaxilə etməyə haqqı yoxdur.

Üstəlik, Ermənistanın nə müstəqil siyasəti, nə müstəqil müdafiə strategiyası, nə də hərbi təyinatlı mallar almaq siyasəti var. İsrailin Ermənistana silah göndərməsi üçün bu ölkə ilə strateji münasibətlər olmalıdır, həqiqətdə isə İsrailin Ermənistanla bu cür münasibətləri sıfır səviyyəsindədir, belə əlaqələr praktiki olaraq, yoxdur. İsrailin hərbi-sənaye şirkətləri ilə hərbi texnika satışı barədə ciddi müqavilələr bağlamaq üçün Ermənistanın maliyyə vəsaiti yoxdur. Kommersiya baxımından, Ermənistanın heç bir iqtisadi perspektivi yoxdur.

Cənubi Qafqaz regionunda təcrid olunmuş Ermənistan Azərbaycan torpaqlarını işğal etdiyinə görə reallıqda Xəzər dənizinin qaz və neft ehtiyatları ilə bağlı əsas geosiyasi və geoiqtisadi layihələrdən kənarda qalır. Ermənistan həm də bu yaxınlarda Cənubi Qafqazda həyata keçirilmiş Bakı-Tbilisi-Qars dəmir yolu logistika layihəsindən kənarda qalıb”.

Arye Qut öz məqaləsində Azərbaycan ilə Ermənistan arasında münaqişə mövzusuna toxunaraq Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun bu sözlərini sitat gətirir: “Biz öz ərazi bütövlüyümüzü bərpa etməliyik və bunu edəcəyik. Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində nizamlanmalıdır. Biz öz ordumuzu möhkəmlədirik və istənilən vaxt bütün zəruri tədbirləri görəcəyik. Azərbaycan öz torpaqlarını güc tətbiq etmək yolu ilə azad edəcək. 26 ildən çoxdur ki, bizim torpaqlarımız işğal altındadır və sülh danışıqları heç bir nəticə verməyib. Düşmən birmənalı şəkildə başa düşməlidir ki, biz öz torpaqlarımızın işğal edilməsi ilə heç vaxt barışmayacağıq”.

Bununla bərabər, israilli ekspert öz məqaləsində qeyd edib ki, bu gün Azərbaycanda 25.000 üzvü olan çox nüfuzlu yəhudi icması yaşayır. Arye Qut yazır: “Prezident İlham Əliyevin himayəsi ilə iki sinaqoq və Cənubi Qafqazda ən böyük yəhudi təhsil mərkəzi tikilib. Tezliklə Azərbaycanda ilk yəhudi muzeyinin açılması nəzərdə tutulur. Bu, Cənubi Qafqazda birinci yəhudi muzeyi olacaq.

Azərbaycanın şimalında, Quba rayonunda yerləşən bütün dünyada məşhur və qədim Qırmızı Qəsəbədə 3500-dən çox sakin yaşayır. Azərbaycanın fəxri olan bu qəsəbə İsrail hüdudlarından kənarda yeganə yəhudi kəndidir. İlham Əliyev Azərbaycanın yəhudi icmasına səmimi və qayğıkeş münasibətinə görə İsrail cəmiyyətinin hörmətini qazanıb. İsrail ilə Azərbaycan arasında, azərbaycanlılarla yəhudilər arasında münasibətləri təkcə qarşılıqlı maraqlarla izah etmək olmaz. İsrail-Azərbaycan münasibətləri ümumi dəyərlərlə və ortaq tarixlə səciyyəvidir. Bu iki ölkə arasında sıx insani əlaqələr və bir-birini dəstəkləmək qətiyyəti var”.

İsrailli ekspertin sözlərinə görə Azərbaycan multikulturalizmin, tolerantlığın və qarşılıqlı ehtiramın gözəl nümunəsidir.

Arye Qut İsraildə çıxan nüfuzlu ingilisdilli “The Jerusalem Post” qəzetində dərc edilmiş məqaləsinin sonunda yazır: “Yəhudilərlə çoxəsrlik səmimi münasibət bu gözəl ölkəyə və onun xalqına rəğbəti daha da gücləndirir. İsrail dövləti Azərbaycanı dəstəkləyir və Ermənistan-Azərbaycan münaqişəsini beynəlxalq hüquq və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində nizamlamağa çağırır. Libermanın səfəri iki ölkə və onların xalqları arasında münasibətlərin möhkəmlənməsində və dərinləşməsində yeni səhifə açıb”.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!