USD - 1.7 EUR - 1.8856 RUB - 0.0256 TRY - 0.3045 DAHA ÇOX
SON DƏQİQƏ
Azərbaycan-Gürcüstan sərhədinin razılaşdırılmamış sahələrinə baxış keçiriləcək  “ASAN xidmət" mərkəzinin tikintisində "Yaşıl ASAN" konsepti tətbiq olunur “Relaks”dakı hadisə ilə bağlı rəsmi açıqlama Vilayət Eyvazov əsgərlərlə nahar etdi, tapşırıqlar verdi Bakı Tikiş Evi: “Yeni məktəbli formaları fərqli olacaq”
Əli Əhmədov: Heydər Əliyev xalqımızı acı tale yaşamaqdan xilas etdi

“AXC – Müsavat cütlüyünün cəmi 13 ay davam edən hakimiyyəti Azərbaycanı dövlət müstəqilliyini itirmək, ölkəni bölünmək, xalqı isə müsibətlər yaşamaq taleyi ilə üzbəüz qoydu”. 

ASAN Radio APA-ya istinadla xəbər verir ki, bunu baş nazirin müavini, YAP-ın icra katibi Əli Əhmədov özünün “facebook” səhifəsində yazıb.

O xatırladıb ki, ölkə xaos, anarxiya, dərəbəylik, özbaşınalıq girdabında boğulurdu: “Sözün həqiqi mənasında yaşamaq uğrunda mübarizə gedirdi. Çörək növbələri 1993-cü il Azərbaycanda həyatın ən acı mənzərələrindən birinə çevrilmişdi. İnflyasiya 1000 faizlə ölçülürdü. Milli valyuta sözün əsl mənasında dəyərsiz kağız parçası olmuşdu. İqtisadiyyat bütünlüklə çökmüşdü. Vaxtilə minlərlə insanın çalışdığı fabrik və zavodlar sökülüb dəzgahları metal kimi dəyər-dəyməzinə xaricə satılırdı. İş o yerə çatmışdı ki, dəmir yol relsləri, tramvay xətləri, vaxtilə Azərbaycana böyük valyutalar gətirən şərab çənləri daşınıb xaricdə “əridilirdi”. Digər heç bir sahədə bacarıq göstərə bilməyən o zamankı hakimiyyətə cəmi bir il kifayət etdi ki, ölkəni bütünlüklə talan etsin.Ermənistanla müharibə vəziyyətində olan ölkədə nizami ordu yaradılmamışdı”. 

“Ayrı-ayrı qruplara, maraqlara, hətta siyasi partiyalara xidmət edən silahlı dəstələr ordunu əvəz edir, hərbi vəzifələrdən daha çox siyasi vəzifələrə qulluq göstərirdi. Silahlı qüvvələr hakimiyyət savaşına cəlb olunmuşdu. Ermənilər isə bundan istifadə edib Azərbaycanın torpaqlarını zəbt etməkdə davam edirdi. Dövlətin və mərkəzi hakimiyyətin ifrat zəifliyindən istifadə edən məkrli qüvvələr separatçı hərəkata rəvac vermişdilər. Cənubda Talış-Muğan respublikası elan edilmiş, şimalda “Sadval” hərəkatı baş qaldırmışdı. Azərbaycanın parçalanması demək olar ki, artıq baş vermişdi. AXC-Müsavat hakimiyyəti bütünlükdə iflasa uğrayıb taqətini itirmişdi. Azərbaycanı acı tale gözləyirdi. Dövləti idarə edən siyasətçilərin görməli və qiymətləndirməli olduğu təhlükələri onlar deyil, müdrik Azərbaycan xalqı görür və qiymətləndirirdi. Xalq hökmünü vermişdi: Hakimiyyət dəyişməli, siyasətdə naşıları siyasətin nəhəngi əvəz etməlidir. Beləliklə, xalq Heydər Əliyevi hakimiyyətə dəvət etdi. Azərbaycanın fəlakətdən, xalqın müsibətdən qurtulması naminə”-deyə, Əli Əhmədov qeyd edib.

Baş nazirin müavini qeyd edib ki, Heydər Əliyevin qayıdışı ilə Azərbaycanın müasir tarixinin yeni mərhələsi başladı: “Xaos, anarxiya aradan qaldırıldı, sabitlik təmin edildi, inflyasiya və iqtisadi tənəzzül cilovlandı, islahatlar həyata keçirildi, Azərbaycana firavanlıq gətirən neft strategiyası reallaşdı, nizami ordu yaradıldı, erməni təcavüzü dayandırıldı, separatizmin kökü kəsildi, Azərbaycanın bütövlüyü qorunub saxlanıldı”.

YAP rəsmisi qeyd edib ki, çörək növbələri, 1000 faizlik inflyasiya, separatizm, AXC-Müsavat hakimiyyətinin digər “şedevrləri” indiki gənclərə yəqin ki, fantaziya kimi gəlir: “Ancaq bütün bunlar yaşadığımız tarixin qaranlıq bir parçasıdır. Daha dəqiq ifadə etsək, bizə yaşadılan bir tarix, bir müsibətdir. Əgər xalq vaxtında o zamankı hakimiyyəti devirməsəydi və siyasət nəhəngi Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycan başqa bir tale yaşamağa məhkum olacaqdı. Yalnız Heydər Əliyevin sayəsində, onun müdrikliyi və 2003-cü ildən Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət sayəsində Azərbaycan güclü, qüdrətli, firavan, təhlükəsiz dövlət və ölkə kimi tanınır və qəbul olunur. Ən başlıcası isə insanlar rahat yaşayır, gələcəyə ümidlə baxır. Ona görə də xalq 1993-cü ilin iyun ayında Heydər Əliyevin qayıdışını Milli Qurtuluş günü kimi qeyd edir.

Azərbaycan xalqı hər il böyük coşqu ilə Milli Qurtuluş bayramını qeyd etdiyi halda, 26-27 il bundan əvvəl ölkəni dəhşətli böhrana salaraq insanlara müsibətlər yaşadanların qalıqlarının indiki hakimiyyəti və bütünlükdə reallıqlarımızı yalan-böhtan əsasında tənqid etmələri istər-istəməz acı təbəssüm yaradır. Uğursuzların özlərini qəhrəman kimi göstərməsi tarixin ironiyasıdır. Lakin tarixi o tarixi yaşamış insanlara unutdurmaq mümkün deyil. Milli Qurtuluş məfkurəsi Azərbaycanın qarşısında geniş perspektivlər açıb. Ölkəmizin uzun illər bu yolla gedəcəyinə və daha böyük uğurlar qazanacağına dərindən inanıram”.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio