Ölkə başçısının "Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" 2019-cu il 17 yanvar tarixli Fərmanına əsasən, Bakı şəhərində 5, regionlarda isə 10 "ASAN xidmət" mərkəzinin yerləşdiyi inzibati ərazi vahidlərində Vergilər Nazirliyi tərəfindən göstərilən bəzi xidmətlərin yalnız həmin mərkəzlərdə həyata keçirilməsi nəzərdə tutulub.
Nazirliyin Media və kommunikasiya mərkəzindən ASAN Radioya bildirilib ki, hazırda "ASAN xidmət" mərkəzlərində Vergilər Nazirliyi üçün ayrılan 69 masada vergi orqanı əməkdaşları tərəfindən vergiödəyicilərinə xidmətlər göstərilir. Bu xidmətlərə ilkin qeydiyyat, ƏDV-nin məqsədləri üçün qeydiyyat, elektron sənəd mübadiləsi barədə müqavilələrin bağlanması və bankda hesab açılması üçün müraciətlər, habelə "ASAN İmza" sertifikatı xidmətləri daxildir.
2018-ci ildə dövlət qeydiyyatına alınmış 3602 kommersiya hüquqi şəxsdən 76,9 faizinin, 73 min 566 fiziki şəxsdən isə 43 faizinin ərizəsi "ASAN xidmət" mərkəzlərində qəbul olunub. Bundan əlavə, keçən il Vergilər Nazirliyi üzrə təqdim olunmuş 219 min 943 "ASAN İmza" sertifikatının 70,5 faizi "ASAN xidmət" mərkəzlərində verilib.
Prezident Fərmanının icrası ilə əlaqədar Vergilər nazirinin əmri ilə müvafiq qaydalar təsdiq edilib, göstərilən xidmətlərin təşkili, vergi orqanı əməkdaşlarının fəaliyyətinin monitorinqinin və təhlilinin aparılması məsələlərinə nəzarət vergi orqanının müvafiq strukturuna tapşırılıb. Bu məqsədlə nazirlik tərəfindən cari ilin martında Bakıda fəaliyyət göstərən 5, may-iyun aylarında isə regionlarda fəaliyyət göstərən 10 "ASAN xidmət" mərkəzində (Sumqayıt, Quba, Qəbələ, Bərdə, Mingəçevir, Şəki, Gəncə, Sabirabad, İmişli, Masallı) monitorinqlər aparılıb.
Monitorinqlər zamanı "ASAN xidmət" mərkəzlərində xidmətlərin qanunvericiliyə uyğun göstərilməsi, quraşdırılmış avadanlıqların işlək vəziyyətdə olması, əlavə ayrılmış pəncərələrin zəruri texniki avadanlıqlarla təchiz edilməsi, kadr məsələləri və fiziki şəxslərin vergi uçotu haqqında sənədlərin hazırlanması kimi məsələlərə baxılıb və əksər problemlər yerindəcə həll olunub. Eyni zamanda, nöqsana yol vermiş əməkdaşlarla müvafiq təlimatlandırma işləri aparılıb, ümumi tələblər, o cümlədən davamiyyət, davranış və ünsiyyətə dair ümumi normalar izah olunub. Monitorinqlər nəticəsində Vergilər Nazirliyi tərəfindən göstərilən xidmətlər zamanı gələcəkdə qarşıya çıxacaq problemlərin operativ həll edilməsi üçün vergi orqanlarının qeydiyyat və uçot strukturlarının rəhbərləri və "ASAN xidmət" mərkəzlərinin direktorları arasında zəruri əlaqələndirmə işləri təşkil edilib.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!