Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah Bakı metropoliteninin sərnişindaşıma fəaliyyətinin 14 sentyabr 2020-ci il səhər saat 06:00-dan bərpa olunmasını qərara alıb.
"Bakı Metropoliteni" MMC-dən ASAN Radioya verilən xəbərə görə, Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” 3 iyul 2020-ci il 236 №-li Qərarı ilə Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti 4 iyul saat 00:00-dan 20 iyul saat 06:00-a qədər dayandırılmışdı. Daha sonra epidemioloji vəziyyətlə əlaqədar olaraq Bakı metropolitenində sərnişindaşıma fəaliyyətinin dayandırılması müddəti Nazirlər Kabinetinin 17 iyul 2020-ci il tarixli 255 nömrəli Qərarı ilə avqust ayının 5-nə, 4 avqust 2020-ci il tarixli 278 nömrəli Qərarı ilə avqust ayının 31-nə və 29 avqust 2020-ci il tarixli 311 nömrəli Qərarı ilə sentyabr ayının 15-nə kimi uzadılmışdı.
Yeni növ koronavirus (“COVID-19”) pandemiyasının yayılmasının qarşısını almaq və insanların sağlamlıq təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Respublikası ərazisində elan edilmiş xüsusi rejimli karantin müddəti başa çatana qədər Bakı metropoliteninin fəaliyyəti Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarları, tapşırıq və tövsiyələrinə uyğun təmin ediləcək.
Qeyd edilənlər əsas götürülərək, metropolitendən istifadə edən sərnişinlərin nəzərinə çatdırılır:
1. Bakı metropoliteninin sərnişindaşıma fəaliyyəti 14 sentyabr 2020-ci il səhər saat 06:00-dan bərpa olunur. Bakı metropoliteninin stansiyaları saat 06:00-dan 24:00-dək sərnişinlərin girişinə açıq olacaq.
2. Bakı metropoliteni gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
3. Texniki imkanlar nəzərə alınmaqla, qatarların hərəkəti maksimal hərəkət qrafiki ilə təmin olunacaq.
4. Əlil arabalarından istifadə edən sərnişinlərin daşınması xidmətinin fəaliyyəti bərpa ediləcək.
5. “İctimai nəqliyyatda koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstəriş”ə uyğun olaraq, Bakı metropoliteni stansiyalarının ərazisində və qatarlarda mütləq qaydada tibbi maskakardan istifadə edilməli və sosial məsafə gözlənilməlidir. Tibbi maska taxmadan metropolitendən istifadə qadağandır!
Sərnişinlərin diqqətinə çatdırılır ki, tibbi maska ağız və burun boşluğunu tam örtməlidir.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!