USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
İşğaldan azad olunmuş ərazilərdə müvəqqəti xüsusi idarəetmə yaradılır

Prezident İlham Əliyev Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında fərman imzalayıb.

ASAN Radio xəbər verir ki, fərmana əsasən, Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində, Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə müvafiq olaraq, hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqlar yaradılacaq.

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə müvafiq ərazilərin müvəqqəti komendantlarını təyin etmək və müvəqqəti komendantlıqların fəaliyyətini təşkil etmək tapşırılıb.

Müvəqqəti komendantlıqlar öz fəaliyyətini Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti ilə əlaqələndirəcəklər.

Fərmana əsasən, müvəqqəti komendantlıqların nəzdində aşağıdakı dövlət orqanlarının (qurumlarının) nümayəndələrinin daxil olduğu əməliyyat qərargahları yaradılacaq:

Dövlət Təhlükəsizliyi Xidməti;

Fövqəladə Hallar Nazirliyi;

İqtisadiyyat Nazirliyi;

Kənd Təsərrüfatı Nazirliyi;

Ekologiya və Təbii Sərvətlər Nazirliyi;

Maliyyə Nazirliyi;

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi;

Mədəniyyət Nazirliyi;

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik;

Müvafiq yerli icra hakimiyyəti orqanları.

Müvəqqəti komendantlıqlara fəaliyyət göstərdikləri ərazilərdə aşağıdakı vəzifələrin yerinə yetirilməsini təşkil etmək tapşırılıb:

Mühüm əhəmiyyətli obyektlərin, o cümlədən nəqliyyat və telekommunikasiya infrastrukturu obyektlərinin, enerji və su təchizatı sistemlərinin, su anbarlarının, insanlar və ətraf mühit üçün yüksək təhlükə mənbəyi olan xüsusi obyektlərin mühafizəsi;

İctimai qaydanın və ictimai təhlükəsizliyin qorunması;

Aşkar edilən hərbi texnikanın, silahın, döyüş sursatının, zəhərləyici və partlayıcı maddələrin toplanması, inventarlaşdırılması və mühafizəsi;

Kənd təsərrüfatı texnikası istisna olmaqla, digər mülki təyinatlı texnikanın, nəqliyyat vasitələrinin inventarlaşdırılması, saxlanılması və mühafizəsi;

Aşkar edilmiş sənədlərin uçotunun aparılması və sonrakı təhlil üçün mühafizəsi;

Hərbi vəziyyət rejiminin təmin olunması üçün “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş digər tədbirlərin həyata keçirilməsi.

Müvəqqəti komendantlıqlar aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə aşağıdakı vəzifələri yerinə yetirməlidir:

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik ilə birlikdə minalardan təmizləmə və zərərsizləşdirmə işlərinin aparılması üçün zəruri tədbirlər görülməsi;

Dövlət Təhlükəsizliyi Xidməti ilə birlikdə terrorçuluq, casusluq, təxribat və Azərbaycan Respublikasına qarşı yönəldilmiş digər qanunazidd fəaliyyətin qarşısının alınması;

Fövqəladə Hallar Nazirliyi ilə birlikdə energetika qurğularının, o cümlədən hidrotexniki qurğuların vəziyyətinin ilkin qiymətləndirilməsi, yanğınların, təbii fəlakətlərin və texnogen qəzaların nəticələrinin aradan qaldırılması və zərurət yarandıqda, müvafiq mülki müdafiə tədbirlərinin yerinə yetirilməsi;

İqtisadiyyat Nazirliyi ilə birlikdə infrastruktur obyektlərinin, torpaq sahələrinin və digər daşınmaz əmlak obyektlərinin ilkin inventarlaşdırılması və mühafizəsi;

Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə kənd təsərrüfatı üçün yararlı torpaqların müəyyənləşdirilməsi, kənd təsərrüfatı texnikası və istehsal vasitələrinin, kənd təsərrüfatı heyvanlarının uçotunun aparılması, saxlanılması və mühafizəsi, fitosanitar və epizootik vəziyyətin ilkin qiymətləndirilməsi;

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birlikdə zəruri rabitə şəbəkəsinin qurulması;

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə ətraf mühitin qorunması, topoqrafiya və xəritəçəkmə işlərinin aparılması, təbii sərvətlərdən səmərəli istifadə məqsədilə onların ilkin qiymətləndirilməsi və mühafizəsi;

Mədəniyyət Nazirliyi ilə birlikdə tarix və mədəniyyət obyektlərinin (abidələrinin və müəssisələrinin) ilkin inventarlaşdırılması və mühafizəsi.

Fərmana əsasən müvəqqəti komendantlıqların fəaliyyətinə ümumi nəzarəti Azərbaycan Respublikası Prezidentinin Administrasiyası həyata keçirəcək.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!