USD - 1.7 EUR - 2.0331 RUB - 0.0222 TRY - 0.2117 DAHA ÇOX
SON DƏQİQƏ
Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyi qeyd olunacaq   Cəbrayıl rayonunun Daş Veysəlli kəndindən videogörüntülər Bazar gününün hava proqnozu   Xalq artisti Eldar Quliyev sabah dəfn olunacaq   Qubadlıda döyüş sursatları aşkar edilib  
Prezident Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsi sədrini videoformatda qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Nadim Razanın başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edib.

ASAN Radio  xəbər verir ki, nümayəndə heyətini salamlayan Prezident İlham Əliyev dedi:

-Azərbaycana xoş gəlmisiniz. Sizi görməyə çox şadam. Əminəm ki, sizin səfəriniz hərbi sahədə ölkələrimiz arasında əməkdaşlığı gücləndirəcək. Bu günə qədər bu əməkdaşlıq çox səmərəli olmuşdur və biz tərəfdaşlığımızı genişləndirmək arzusundayıq.

Əvvəlcə, müharibə zamanı nümayiş etdirilən həmrəyliyə və dəstəyə görə qardaş Pakistana təşəkkürümü ifadə etmək istəyirəm. Torpaqlarımızın azadlığı uğrunda apardığımız müharibə 44 gün çəkdi və Azərbaycanın Ermənistan üzərində qələbəsi ilə başa çatdı. Biz 30 ilə yaxın işğal altında olan ərazilərimizi azad etdik.

Müharibənin ilk günündən Pakistan Azərbaycana həmrəylik və dəstək nümayiş etdirdi. Pakistan Azərbaycanın işğal olunmuş ərazilərindən qoşunların dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasının tərəfdarı kimi çıxış etdi və Ermənistanın təcavüzünü pislədi. Bu, həqiqi qardaşlıq və dostluğun nümunəsi idi. Yəqin bilirsiniz ki, Azərbaycanda insanlar Pakistan xalqı ilə, ölkənizlə bağlı öz hisslərini nümayiş etdirdilər, müharibə zamanı Pakistan bayraqlarını dalğalandırdılar. Bu, bir daha bizim birlik və qardaşlığımızı nümayiş etdirir.

Ölkələrimiz arasında əlaqələrin uzun tarixi var. Pakistan dünyanın Ermənistanla diplomatik münasibətlər qurmayan azsaylı dövlətlərindən biridir və Azərbaycanın torpaqlarının işğalı səbəbindən Ermənistanı rəsmi olaraq tanımayıb. Xalqımız bundan xəbərdardır və biz bunu çox yüksək qiymətləndiririk. Azərbaycan da öz növbəsində, hər zaman Kəşmir məsələsi daxil olmaqla, bütün digər məsələlərdə Pakistanı dəstəkləyir. Bu dəstək tərəfimizdən BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təsisatlarda verilir. Sabah İqtisadi Əməkdaşlıq Təşkilatının videokonfrans formatında Zirvə toplantısı keçiriləcək və biz ölkələrimiz arasında iqtisadi əməkdaşlığı müzakirə edəcəyik. İkitərəfli münasibətlərimizə bir daha toxunaraq qeyd etmək istəyirəm ki, biz diqqətimizi iqtisadiyyat sahəsində cəmləşdirəcəyik. Buraya energetika və nəqliyyat sahəsi aiddir. Biz ümid edirik ki, Pakistan ölkəmizin ərazisindən keçən mövcud və yeni yaranmaqda olan nəqliyyat marşrutlarına qoşulacaq. Beləliklə də biz əməkdaşlığımızı bu sahədə də genişləndirmiş olacağıq.

Əlbəttə, hərbi sahədə əməkdaşlığımızın böyük potensialı var və əminəm ki, bu gün siz həmkarlarınızla gələcək planlarımızı müzakirə edəcəksiniz. Biz artıq Pakistan müdafiə sənayesinin məhsulları ilə tanışıq. Bildiyiniz kimi, biz Pakistandan hərbi avadanlıq almışıq və bu prosesi davam etdirmək arzusundayıq. Bununla yanaşı, biz birgə hərbi təlimlər üzərində düşünürük. Hesab edirik ki, artıq bunun vaxtı çatıb.

Biz artıq Azərbaycan, Türkiyə və Pakistan arasında siyasi və digər sahələrdə, o cümlədən müdafiə sahəsində üçtərəfli əməkdaşlıq formatının yaxşı nəticələrinin şahidi olduq. Hesab edirəm ki, biz səylərimizi birləşdirərək mövqelərimizi gücləndirəcəyik və sülhə töhfə verəcəyik. Çünki ölkələrimiz regionda sülh və ədalətin tərəfdarıdır. Biz beynəlxalq hüququn işləmədiyini, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin 27 il ərzində icra edilmədiyini, beynəlxalq ictimaiyyət tərəfindən Ermənistana qarşı sanksiyaların tətbiq olunmadığını, Ermənistanın cəzalandırılmadığını və sonsuz danışıqların dalana dirəndiyini görəndə ədaləti özümüz bərpa etməli olduq. Yəni, beynəlxalq hüquq işləmədiyi halda, o, güc vasitəsilə həyata keçirilməlidir. Biz buna nail olduq və bunu bütün dünyaya nümayiş etdirdik.

Ancaq biz sülh istəyirik və bu gün sülhü təbliğ edirik. Beləliklə, bizim hərbi sahədə əməkdaşlığımız dünyada sülhün bərqərar olunması işinə töhfə verəcək. Bir daha xoş gəlmisiniz. Sizə ölkəmizdə yaxşı vaxt keçirməyi və həmkarlarınızla səmərəli iş aparmağı arzulayıram.

XXX

Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Nadim Raza dedi:

-Çox sağ olun cənab Prezident. Əvvəlcə, Sizinlə görüşməkdən böyük şərəf hissi duyuram və bu cür yerinə düşən görüş fürsətinə görə Sizə olduqca minnətdaram. Sizin və Azərbaycan xalqının 44 günlük müharibədə tam Qələbəsi münasibətilə Sizi öz adımdan, Pakistanın bütün Silahlı Qüvvələri və Pakistan xalqı adından təbrik etmək istərdim. Deməliyəm ki, Zəfəriniz eyni istəklə Pakistanda qeyd olundu. Buna görə, Zati-aliləri, cənab səfir hadisələrin gedişatı haqqında bizi daim məlumatlandırırdı. Müharibənin istənilən anında Azərbaycan Silahlı Qüvvələrinin əməliyyatları bizim kütləvi informasiya vasitələrində əsas başlıqla gedirdi. Bir daha tam Qələbəniz münasibətilə Sizi təbrik edirəm.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə yaradılan ASAN Radio 24 dekabr, 2015-ci il tarixində yayıma başlayıb. Dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının iclasında verilib. ASAN Radio gün ərzində xəbərləri operativ çatdırır. Sosial mediada fəallığı ilə seçilir. İnternet üzərindən canlı yayım, audio, videoreportajlar yayımlayır, asanradio.az saytı daim yenilənir. ASAN Radio dövlət qurumları, beynəlxalq təşkilatlar və aparıcı şirkətlərlə əməkdaşlıq edir. Faydalı layihələr, proqramlar hazırlayır. ASAN Radio gələcəyin media işçilərini yetişdirir. ASAN könüllüləri, ADA Universitetinin, Azərbaycan Dillər Universitetinin, Bakı Dövlət Universitetinin, Bakı Slavyan Universitetinin jurnalistika fakültəsinin tələbələri radioda təcrübə keçirlər. ASAN Radio dinləyicisi üçün yalnız zövqlü musiqi səsləndirir. ASAN Radio mühüm sosial layihələrə informasiya dəstəyi göstərir. İrimiqyaslı yarışların, tədbirlərin, sərgilərin eksklüziv radio tərəfdaşıdır. ASAN Radionu asanradio.az saytından, mobil tətbiqlərdən dinləmək mümkündür. Azərbaycanda fəaliyyət göstərən 20 “ASAN xidmət” (Bakıda 5, bölgələrdə 15) və 2 “ASAN Kommunal” mərkəzində ASAN Radio səsləndirilir. Statistikaya görə hər ay 200.000 insan bu xidmətdən istifadə edir. Başqa sözlə bu qədər insan radiomuzu eşidir. ASAN Radio Azərbaycanın 82%-ni əhatə edir. Şuşada yayımlanan ilk radio – ASAN Radio oldu. İşğaldan azad olunan digər şəhər rayonlarda bizi 95.6 FM-də dinləmək mümkündür. Ümumilikdə, ASAN Radio respublika ərazisində 100 FM, 96.5 FM, 95.6 FM və 92.7 FM-də yayımlanır. ASAN Radio – Operativ Məlumat dalğası!
© 2018 ASAN Radio